Домой / Kardiologiya / Miokard infarktı: klinikası, mərhələləri
Miokard infarktı: klinikası, mərhələləri

Miokard infarktı: klinikası, mərhələləri

Miokardın qan təchizatının mütləq və ya nisbi şəkildə tamamilə kəsilməsi nəticəsində baş verir. Ürəyin kəskin işemik xəstəlikləri qrupuna hal-hazırda 2 xəstəlik aid edilir: 1. Miokardın kəskin işemik distrofiyası; 2. Miokardın infarktı

Miokardın infarktı

Miokardın hansısa bir nahiyəsinin qan təchizatının mütləq və ya nisbi olaraq tamamilə kəsilməsi nəticəsində həmin nahiyənin nekrozlaşmasına deyilir. Miokard infarktı, yəni miokardın işemik nekrozlaşması mikroskopik və makroskopik olaraq miokardın kəskin işemiyasından 6-18 saat sonra görünməyə başlanır.

Miokard infarktının bilavasitə baş vermə səbəblərinə aşağıdakılar aiddirlər:

  1. Ürəyin tac arteriyalarının trombozu;
  2. Ürəyin tac arteriyalarının tromboemboliyası;
  3. Ürəyin dəyişilmiş (patologiyalı) tac damarlarının uzun müddətli spazmı;
  4. Dəyişilmiş tac damarlara malik ürəyin fiziki gərginlik şəraitində işləməsi.
  5. Ürəyin tac arteriyalarının trombozu aterosklerozun ürək forması zamanı tac arteriyalarda meydana çıxmış aterosklerotik düyünlərin yaralanması və damarların intimasının tamlığının pozulması nəticəsində inkişaf edir.
  6. Ürəyin tac arteriyasının tromboemboliyasına çox az hallarda rast gəlinir. Tromb tac areteriyaya ya endokarditlər zamanı sol mədəcikdən gəlir, ya da tac arteriyanın özünün başlanğıc hissələrində formalaşmış trombun qoparaq bir qədər sonrakı şaxələrdən birinin mənfəzini tutmasından ibarət olur.
  7. Ürəyin tac damarlarının uzunmüddətli spazmı daha çox rast gəlinən səbəblərdən biridir. Bu zaman ateroskleroza məruz qalmış tac arteriyaların, yaxud da hialinozlu arteriolların uzun müddətli (20-30 dəqiqədən çox) spazmı onların vaskulyarizasiya etdikləri sahənin qan təchizatının tamamilə kəsilməsinə səbəb olur.
  8. Dəyişilmiş tac damarlara malik ürəyin fiziki gərginlik şəraitində işləməsi miokardın qan təchizatının nisbi olaraq kəskin pisləşməsinə səbəb olur. Belə ki, tac arteriyalarda hialinozla əlaqədar miokardın qan təchizatı onsuz da pisləşmiş olur və belə şəraitdə çətinliklə də olsa işləyir. Fiziki gərginlik, taxikardiya hallarında miokardın qana olan tələbatı əhəmiyyətli dərəcədə çoxalır, lakin ona gələn qanın miqdarı isə əvvəlki kimi zəif olur.

Miokard infarktı öz inkişafında, yəni başlandığı andan başa çatana qədər 2 mərhələ keçirir: nekrotik mərhələ və sklerotik mərhələ

Miokard infarktı zamanı nekroz ocağında həm makroskopik – gözlə, həm də mikroskopik səviyyələrdə dəyişikliklər aşkar olunur

Beləliklə, infarkt baş verdiyi andan etibarən miokardda bir-birindən asılı olmayaraq paralel şəkildə ayrı-ayrı yerlərdə (infarkt ocağının özündə və onun ətrafında) 2 ayrı-ayrı proses gedir:

  1. İnfarkt ocağının özündə nekroz kütlələrinin makrofaqlarla faqositozu və ləğv edilməsi, onların yerində qranulyasiya toxumasının meydana çıxması, qranulyasiya toxumasının kobud lifli birləşdirici toxumaya çevrilməsi və çapıq toxumasının formalaşması. Bütün bunlar təxminən 4 həftə müddətində baş verir.
  2. İnfarkt ocağının ətrafında regenerasiyanın hüceyrədaxili forması. Bu prosesin də formalaşaraq tam başa çatması üçün təxminən 4 həftə vaxt keçir.
    • Miokard infarktı zamanı əsas tipik və yayılmış əlamət ağrı simptomunun olmasıdır.
    • Ağrı çox güclü olur, əsasən döş sümüyü arxasında (döş qəfəsinin orta hissəsində),bəzən isə epiqastral nahiyədə olur.
    • Ağrının xarakteri bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir.
    • Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq – kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər.
    • Bəzən tutma ürək astması tutması ilə başlanır.Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur.
    • Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38.5 dərəcəyə çatır.
    • Leykositoz olur, EÇS artır.
    • Bədən yapışqan tərlə örtülür, boz rəng alır
    • Nəbz kiçik, tezləşmiş olur.
    • Arterial təzyiq azalır.
    • Ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir.
    • Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər.
    • Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər.
    • Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir

Risk faktorları:

  • Şəkərli diabet
  • Dislipidemiya
  • Çətin nəzarət olunan hipertoniya
  • Siqaret çəkən insanlar
  • Spirtli içki qəbul edən insanlar
  • Ailəvi anamnezində koronar damarların xəstəlikləri olan insanlar
  • Daha çox oturaq həyat tərzi keçirən insanlar
  • Əksər hallarda isə xəstə, stenokardiya zamanı olan ağrıya bənzəyən, kəskin ağrı tutması hiss edir. Ancaq miokard infarktı zamanı olan ağrının bir sıra fərqli xüsusiyyətləri də vardır. Stenokardiya zamanı ağrı fiziki və ya emosional gərginlik zamanı baş verir və adətən nitroqliserin tabletkası (həbi) qəbul etdikdən sonra tez bir zamanda 20 dəqiqəyə qədər vaxta keçib gedir.
  • Miokard infarktı zamanı olan ağrı, stenokardiyaya nisbətən daha güclü olur, əksər hallarda sakit vəziyyətdə olarkən başlayır və hətta bir-birinin ardınca 3 tabletka nitroqliserin qəbul etdikdən (hər 5 dəqiqədən bir 1 tabletka dilin altına qoymaqla) sonra da keçib getmir.

Miokard infarktın fazaları:

  • Kəskin – 1-2 sutka davam edir. Patoloji Q dişciyi və ya QS kompleksi, ST seqmentinin izoxətdən yuxarı qalxması, əvvəl müsbət sonra isə mənfi T dişciyi.
  • Yarım kəskin– Patoloji Q dişciyi və ya QS kompleksi, mənfi T dişciyi. ST seqmenti izoxətdə olur.
  • Çapıqlaşma – Uzun illər qala bilən patoloji Q dişciyi və QS kompleksi. Düzlənmiş və ya müsbət T dişciyi.

Miokard infarktı olması haqqında fikir yürütmək üçün:

  • xəstənin şikayətləri –bu əsas etibarilə döş qəfəsində ağrı şikayətidir
  • EKQ
  • Koronar anqioqrafiya
  • Qan analizinin nəticələri nəzərə alınır

Xəstənin EKQ-də miokard infarktına xas dəyişikliklər müşahidə olunur:

  • Nekroza uyğun gələn EKQ aparmasında ST seqmentinin izoeletrik xəttindən qalxması(elevasiyası)
  • patoloji Q dişciyi
  • Patoloji QS kompleksi
  • T dişciyinin ikifazalı və ya mənfi olması
  • R dişciyinin amplitudasının kiçilməsi
  • Hiss dəstəsinin sol ayaqcığının blokadası
  • Laborator analizlərdəki dəyişikliklər:
  • Leykositoz
  • EÇS yüksəlməsi
  • Kreatininfosfokinazanın yüksəlməsi
  • Kardiospesifik marker- troponinlərin yüksəlməsi

Miokard infarktının təsnifat prinsipləri

  1. Baş vermə müddətinə görə:
    • Miokardın ilkin infarktı
    • Miokardın residiv infarktı
    • Miokardın təkrari infarktı
  2. Ürəyin ayrı-ayrı nahiyələrində lokalizasiyasından asılı olmasına görə:
    • Sol mədəciyin yan divarının infarktı
    • Sol mədəciyin arxa divarının infarktı
    • Sol mədəciyin ön divarının və mədəciklərarası arakəsmənin ön hissələrinin infarktı
    • Mədəciklərarası arakəsmənin infarktı
    • Miokardın subtotal infarktı
  3. Sol mədəcik divarının ayrı-ayrı qatlarına olan münasibətinə görə:
    • Subendokardial infarkt (endokardaltı)
    • Subepikardial infarkt (epikardaltı)
    • İntramural infarkt (divardaxili)
    • Transmural infarkt (divarlararası)
  4. Nekroz ocağının ölçüsünə görə:
    • Xırda ocaqlı infarkt
    • İri ocaqlı infarkt
    • Geniş sahəli infarkt

Miokard infarktının erkən dövrlərində ölümün bilavasitə səbəbi adətən aşağıdakı ağırlaşmalardan biri olur.

  • kardiogen şok
  • kəskin ürək çatışmazlığı
  • mədəciklərin fibrilyasiyası
  • asistoliya

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*